“Üçüncü Bahar” təşəbbüs qrupu yeni layihəsini təqdim edib

  • “Sənətkar” adlı layihə təqaüd yaşına çatmış yaşlı nəslin asudə vaxtının səmərəli təşkili, mədəni və irsi dəyərlərimizin yenidən canlandırılması, yaşlı nəslin cavanlara verə biləcəyi töhfələrin cəmiyyətə çatdırılması, dəyərli müdriklərimiz və ziyalılarımızın bir arada toplanması və həyat təcrübələri ilə bölüşmələri məqsədi daşıyır. Tədbiri giriş sözü ilə açan “Sənətkar” layihəsinin rəhbəri, teatrşünas Mirələskər Aslanov sözü gedən tədbirin möhtəşəm və məzmununa görə olduqca mühüm olduğunu bildirib. O, qeyd edib ki, ahılların sosial müdafiəsi və layiqli həyat şəraitinin təmin olunması ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir və hər bir vətəndaşın borcu bilik və bacarıqları çərçivəsində həmin siyasətə dəstək olmaqdır. Ötən dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları, 2004-cü ildə təsdiq edilmiş "Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı", 2006-cı ildə təsdiq edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" və digər sənədlər əsasında aparılan işlər, icra olunan mühüm sosial proqramlar ahıl vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin olunmasına imkan verib. Bunu rəhbər tutaraq 2017-ci ilin fevral ayından etibarən “Üçüncü Bahar” adlı təşəbbüs qrupu fəaliyyətə başlayıb. Təşəbbüs qrupu təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir mərkəzdə toplamağı nəzərdə tutulur. İlkin mərhələdə daxili imkanlar çərçivəsində təqaüdçüləri toplayaraq onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə bir sıra müxtəlif məzmunlu tədbirlər həyata keçirilib. Təşəbbüs qrupunun fəaliyyəti nəticəsində il ərzində 30-dan çox müxtəlif məzmunlu tədbirlər təşkil edilib. Hazırda təqaüdçü bazada 500-ə yaxın üzv var. Tədbirlərdə 40-50 nəfər eyni zamanda iştirak edir. Yeni layihənin ilk qonağı Xalq artisti Həmidə Ömərova olub. Öncə sənətkarın həyat və yaradıcılığını əks etdirən kinoxronika nümayiş etdirilib. Daha sonra qonaq həyat və yaradıcılığından danşıb. Qonağın auditoriya tərəfindən maraqla qarşılanan söhbəti interaktiv şəkildə davam edib. Tədbirin sonunda qonağa “Üçüncü bahar” təşəbbüs qrupunun təsisçiləri tərəfindən hədiyyə təqdim olunub.